Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
ADA Universitetində “İqlim-Su Zirvəsi” Beynəlxalq Konfransı: Emin Dostiyari və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirdə İştirak Etdi
5/24/20242 min read
16 May tarixində ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyətinin Sədri Emin Dostiyari də tədbirdə iştirak edib.
Konfransın açılışında çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə su qıtlığının hazırda dünyanın ən böyük qlobal problemlərindən biri olduğunu vurğulayıb. O, iqlimlə bağlı problemlərin həlli yollarını bütün dünyanın birlikdə axtarmalı olduğunu qeyd edib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir. Əvvəlki COP-lardan fərqli olaraq bu il alimlər iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli istiqamətində siyasətçilərə yeni ideyalar verəcək və fəal iştirak edəcəklər. Düşünürəm ki, COP29 şəbəkələşmə əlaqələrinin yaradılması üçün geniş imkanlar açacaq.”
Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov tədbirin əhəmiyyətinə toxunub. O, iqlim dəyişmələrinin su ehtiyatlarına mənfi təsir etdiyini qeyd edib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz, qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var.”
Konfrans çərçivəsində, cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP 29 beynəlxalq konfransında Azərbaycanın iqlim dəyişikliklərinə verdiyi töhfələrin dünya ictimaiyyətinə əyani şəkildə çatdırılacağı və bütün dünyanı bu qlobal çağırışa həmrəylik göstərilməsində birləşdirəcəyi bildirilib. Eyni zamanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmiz COP29-da əhəmiyyətli qərarların qəbul olunmasına təşəbbüs nümayiş etdirərək dünya liderliyini bir daha təsdiq edəcəkdir.
Qeyd edək ki, AQİSA “Dayanıqlı Gələcək Komissiyası”nın Azərbaycan tərəfdən üzvüdür.