Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və AQİSA Arasında Görüş Keçirilib
9/30/20231 min read
Sentyabrın 29-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının ət və kolbasa məhsulları komitəsinin üzvləri arasında əhatəli bir görüş keçirilib.
Görüş zamanı sənayədəki cari vəziyyət ətrafında geniş müzakirələr aparılıb. Sahibkarlar, fəaliyyətlərinin inkişafı üçün ehtiyac duyduqları dəstəklər və qarşılaşdıqları maneələr barədə fikirlərini bölüşüblər. Cəfər Babayev, sahibkarların suallarını dinləyərək, onların fəaliyyətini inkişaf etdirmək üçün görüləcək tədbirlər barədə ətraflı məlumat verib.
Bəzi məsələlərin həlli üçün yerindəcə ilk addımlar atılıb və atılacaq növbəti addımların planı müzakirə edilib. Görüş iştirakçıları, sənayedə yaranan problemlərin həllinə dair təkliflər irəli sürüblər. Müzakirələr zamanı sahibkarların fəaliyyətini asanlaşdırmaq və onların rəqabət qabiliyyətini artırmaq məqsədilə qanunvericilikdə ediləcək dəyişikliklər, istehsal proseslərinin optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi kimi mövzulara xüsusi diqqət yetirilib.
Cəfər Babayev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sahibkarların maraqlarını qorumaq və onların problemlərini həll etmək üçün hər zaman yanlarında olduğunu bildirib.
Görüşün sonunda, iştirakçılar arasında əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsi, sənayemizdə problemlərin həllində birgə fəaliyyətin vacibliyi vurğulanıb