Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA və “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Anlaşma Memorandumu imzalayıblar

7/31/20262 min read

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) ilə “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum qida və içki istehsalçıları ilə pərakəndə ticarət şəbəkələri arasında əməkdaşlığın və dialoqun inkişaf etdirilməsinə, yerli istehsalçıların müasir pərakəndə ticarət tələbləri barədə məlumatlandırılmasına, məhsulların keyfiyyəti və təhlükəsizliyi, təchizat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Sənəd çərçivəsində sektorlararası məlumat və təcrübə mübadiləsinin aparılması, işçi müzakirələrin təşkili və biznes görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Sənəddə, həmçinin, qida və içki sənayesi, pərakəndə ticarət və digər əlaqəli sahələr üzrə normativ hüquqi akt layihələrinin hazırlanması və müzakirəsi zamanı sahəvi assosiasiyaların daha fəal iştirakının təşviqi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Tərəflər üzvlərinin praktiki təcrübəsini, rəy və təkliflərini aidiyyəti qurumlara çatdırmaq məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan ictimai iştirak mexanizmlərindən istifadə etməyi nəzərdə tuturlar.

Memorandumun qida və içki sənayesi ilə pərakəndə ticarət sektorunun mövqeyinin qərarların hazırlanmasının ilkin mərhələsində nəzərə alınmasına, daha aydın, səmərəli və praktikada tətbiq oluna bilən tənzimləmələrin formalaşdırılmasına, eləcə də dövlət–biznes əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.