Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
AQİSA və “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin birgə bəyanatı
8/3/20262 min read


Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi qida və içki sənayesi, pərakəndə ticarət və əlaqəli sahələrə təsir edən qanunların və digər normativ hüquqi aktların hazırlanması və müzakirəsi zamanı sahəvi assosiasiyaların iştirakının vacibliyi ilə bağlı birgə bəyanat yayımlayıblar.
Bəyanatda qeyd olunur ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda ictimai müzakirə, ictimai dinləmə, hüquqi akt layihələrinin ictimai müzakirəsi və yazılı məsləhətləşmə ictimai iştirakçılığın formaları kimi müəyyən edilir. Eyni zamanda, qanun hüquqi şəxslərin və vətəndaş cəmiyyəti institutlarının bu proseslərin təşəbbüsçüsü olmasını və həmin müzakirələrdə iştirakını nəzərdə tutur.
Birgə bəyanatda Azərbaycan Respublikasının Milli Məclisinə, aidiyyəti dövlət qurumlarına, ictimai şuralara və normativ hüquqi aktların hazırlanmasında iştirak edən digər qurumlara müraciət edilərək, qida və içki sənayesi, pərakəndə ticarət, qida təhlükəsizliyi, istehlak bazarı, rəqabət, vergi, gömrük, əmək münasibətləri, logistika və digər əlaqəli sahələrə təsir edən layihələrin hazırlanması və müzakirəsi zamanı sahəvi assosiasiyaların əvvəlcədən məlumatlandırılması, işçi qruplarına və məsləhətləşmələrə cəlb olunması, ictimai dinləmə və müzakirələrə dəvət olunması, habelə rəy və təkliflərini təqdim etmələri üçün müvafiq imkanların yaradılması təklif olunub.
Tərəflər bildiriblər ki, birgə bəyanatın məqsədi qərar qəbul edən qurumların səlahiyyətlərinə müdaxilə etmək deyil, üzvlərinin praktiki təcrübəsini bölüşmək, mümkün tətbiq çətinliklərini əvvəlcədən müəyyənləşdirmək və daha aydın, səmərəli və tətbiq oluna bilən tənzimləmələrin hazırlanmasına töhfə verməkdir.
Bəyanatda vurğulanır ki, dövlət qurumları, qanunverici orqan və sahəvi assosiasiyalar arasında davamlı və institusional dialoq qəbul edilən qərarların keyfiyyətinin yüksəldilməsinə, dövlət–biznes əməkdaşlığının gücləndirilməsinə və ölkənin iqtisadi inkişafına əlavə töhfə verə bilər.
