Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Azərbaycan Halal Biznes Forumu 2025 keçirilmişdir
10/8/20251 min read
7–8 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum) keçirilmişdir. Forumda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, özəl sektor nümayəndələri, eləcə də Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) üzvləri və rəhbərliyi iştirak etmişdir.
Tədbir halal sənayenin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edən platforma kimi çıxış etmişdir. Forum çərçivəsində keçirilmiş panel müzakirələrdə kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsi, İslam maliyyəsi alətləri, halal biznesin idarə olunması, KOB subyektlərinin yaşıl keçidi, halal turizm və qadınların halal sənayedə rolu kimi aktual məsələlər geniş şəkildə müzakirə olunmuşdur.
Forumun sərgi hissəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) üzvləri Assosiasiyanın vahid stendi ilə təmsil olunaraq öz məhsullarını nümayiş etdirmiş, yeni işgüzar əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli nəticələr əldə etmişlər.
AZHAB Forum 2025-in əsas məqsədi halal sənayenin inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qadın sahibkarların rolunun gücləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovasiyaların təşviqi və yaşıl iqtisadiyyatın inkişafına töhfə verilməsi olmuşdur.
