Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Bakıda Qazaxıstan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirdə AQİSA İdarə Heyətinin sədri də iştirak edib

12/5/20241 min read

Bakıda Qazaxıstan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirdə AQİSA İdarə Heyətinin sədri də iştirak edib. Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açılış nitqi ilə çıxış edərək ölkəsinin müstəqillik əldə etdiyi illər ərzində keçdiyi yoldan bəhs edib.

Səfir Qazaxıstan-Azərbaycan münasibətlərinə toxunaraq bildirib ki, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün bütün səyləri göstərəcəklər.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan Hökuməti adından çıxış edərək qeyd edib ki, müstəqillik illərində hər iki ölkə əhəmiyyətli uğurlara nail olaraq öz regionlarında mühüm dövlətlərə çevriliblər.

Azərbaycan ilə Qazaxıstan arasında bağlanmış müqavilə və bəyannamələrdən bəhs edən nazir müavini vurğulayıb ki, keçən il aprelin 23-də Ali Dövlətlərarası Şuranın yaradılması ilə bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Tədbirin sonunda Qazaxıstan milli musiqisinə həsr olunan bədii proqram qonaqlara nümayiş etdirilib. Sonda Qazaxıstanla əməkdaşlıqda xüsusi rolu olan şəxslər təltif olunublar.