Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Baku Book Center-də “Yaddaşdan Silinməz” Kitabının Təqdimatı Keçirilib

12/23/20231 min read

Dekabrın 22-də Baku Book Center-də Azərbaycan Uşaq Fondunun təşkilatçılığı ilə tanınmış rus yazıçısı Albert Lixanovun ulu öndər Heydər Əliyevə həsr olunmuş “Yaddaşdan silinməz" («Не истает в памяти») kitabının təqdimatı keçirilib. Kitab Sovet Uşaq Fondunun yaranma tarixi və bu işdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, daha sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin əvəzsiz rolundan bəhs edir.

Baku Book Center-in direktoru Günel Rzayeva tədbiri açaraq qonaqları salamlayıb. Daha sonra Rüfət Nəzərovun aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Uşaq Fondunun idarə heyətinin rəhbəri Arif Hüseynov, idarə heyətinin həmsədri Zəhra Bədəlbəyli qonaqlara Azərbaycan Uşaq Fondunun fəaliyyətindən məlumat verib.

Tədbirdə həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının idarə heyətinin sədri də iştirak edib.

Xalq yazıçısı Çingiz Abdullayev və Rusiya Uşaq Fondunun rəhbəri Dmitri Lixanov Albert Lixanovla bağlı xoş xatirələrini bölüşüb, kitabın nəşr olunmasında köməyi olan hər kəsə minnətdarlığını bildirib.

Gecənin bədii hissəsində gənc və istedadlı musiqiçilər Nuray Şaxsuvarlı, Rilaya, Anar Seyidov, Elbəy Məmmədzadə və Nərmin İsmayılova Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa edib.