Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

"Dayaq" Mükafatının Təqdimat Mərasimi Keçirilib

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası üzvləri "Dayaq" mükafatının təqdimatında iştirak edib, innovativ və uğurlu sahibkarlar müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı.

12/28/20232 min read

Dekabrın 28-də Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası idarə heyətinin üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təsis edilmiş “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi məqsədilə keçirilən növbəti tədbirdə iştirak ediblər.

“Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir.

2023-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə 2023-cü ildə uğur qazanmış 14 sahibkara dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı təqdim edilib. Sahibkarlar “Uğurlu istehsalçı”, “Əlillik məhdudiyyət deyil”, “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Təmiz ətraf mühit və yaşıl artım”, “Uğurlu fermer”, “Made in Azerbaijan” brendi altında fəal marketinq fəaliyyəti, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “Yaradıcılıq sənayesinin təşviqində uğurlu biznes”, “Uşaqların uğurlu biznes təhsili layihəsi” və işğaldan azad edilmiş ərazilərdə uğurlu biznes fəaliyyəti nominasiyaları üzrə mükafatlandırılıblar.

Həmçinin KOBİA tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Qarabağ KOB-larının səmərəli dəstəklənməsi”, Dövlət Gömrük Komitəsi isə “G2B xidmətlərinin səmərəli təşkili” nominasiyaları üzrə mükafata layiq görülüblər.