Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Dövlət-Sahibkar Tərəfdaşlığı: Dayanıqlı İqtisadiyyatın Əsası Müzakirə Olundu

Yanvarın 12-də Heydər Əliyev Mərkəzində biznes assosiasiyaları, sənaye, kənd təsərrüfatı, logistika, İKT və digər sahələrdən iş adamları ilə dövlət-sahibkar tərəfdaşlığı konfransı keçirilib.

1/12/20241 min read

Yanvarın 12-də müxtəlif biznes assosiasiyalarının nümayəndələri, sənaye, tikinti, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, sığorta, turizm, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının, startapçıların və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) tərəfdaşlığı ilə “Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib. Konfransda AQİSA-nın üzv şirkətlərinin rəhbərləri də iştirak edib.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda son 20 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərə və əldə olunmuş uğurlara həsr edilmiş film nümayiş olunub.

Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın formalaşdırılması istiqamətində əvəzsiz işlər görülüb. Hazırda bu sahə dövlət başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara uyğun şəkildə daha da inkişaf edir. Aparılan islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün güclənir, etibarlı tərəfdaş kimi dünya səviyyəsində nüfuzu artır. Vətən müharibəsində qazanılmış Zəfərlə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda biznesin dirçəldilməsi üçün geniş imkanlar var. Sahibkarlar dövlətin dəstək mexanizmləri, onlara verilən güzəştlər və stimullardan yararlanırlar.