Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Heydər Əliyev Mərkəzində “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” Keçirilib

12/21/20233 min read

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikası Ticarət Nazirliyi və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” keçirilib. Heydər Əliyev və Türkiyə Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş forumda dövlət rəsmiləri, hər iki ölkənin şirkət nümayəndələri, sahibkarlar və investorlar olmaqla 500-dən çox qonaq və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) idarə heyəti iştirak edib.

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Ticarət naziri Prof.Dr. Ömər Bolat və Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin rəhbəri Prof.Dr. Göksel Aşan forumda çıxış ediblər. Onlar vurğulayıblar ki, dövlət başçılarımızın yorulmaz səyləri, şəxsi dostluq və qardaşlıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik münasibətləri bu gün ən yüksək zirvəyə çatıb. Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməkdə və güclənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir.

Forum açılış və imza mərasimlərindən sonra iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən panel müzakirələri ilə davam edib. “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları”, “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu”, “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər”, “Yaşıl enerji və smart city”, “Hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolu” və “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzularında panel müzakirələr aparılıb.

Forumda Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) idarə heyətinin sədri, Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin rəhbəri Prof.Dr. Göksel Aşan, Dost Agroparkın direktoru, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB), Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndələri və digər sahibkarlar ilə ayrıca görüşlər keçirilib.

Tədbirin panel qismində AQİSA numayəndələri “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” panelində istirak edib. Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərovun moderatorluğu ilə keçirilən panel sessiyasında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Əbubekr Gizligider, “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan “Makrolizing“MMC-nin İdarə Heyətinin sədri Avni Demirci və Dost Agroparkın direktoru Mehmet Zeki Tuğrul çıxış edib.

Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadi əməkdaşlığın yeni səviyyəyə qaldırılması ilə bağlı strateji mövzular müzakirə olunub, biznes əməkdaşlıq və potensial investisiya imkanları açıqlanıb.