Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
İsmayıllıda “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin yeni zavodu istifadəyə verildi
7/5/20252 min read


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da İsmayıllıda yerləşən və ölkəmizdə sayca ikinci olan “Azerbaijan Coca-Cola Bottlers” MMC-yə məxsus yeni istehsal müəssisəsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin “Anadolu Grubu”nun İdarə Heyətinin fəxri sədri Tuncay Özilhan və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər. Təntənəli açılış mərasimində Assosiasiya sədri iştirak etmişdir
İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. “Azerbaijan Coca-Cola Bottlers” MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin etməyi nəzərdə tutur. 
“Azerbaijan Coca-Cola Bottlers” MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.
Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” MMC Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının üzvüdür.







