Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
İstehlakçı Hüquqlarının Müdafiəsində Biznes Subyektlərinin Rolunun Artırılması Mövzusunda Tədbir Keçirilib
12/19/20231 min read
Dekabrın 19-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsində biznes subyektlərinin rolunun artırılması hesabına istehlakçılarda etibarın yaradılması” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumları, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndə heyəti, sahibkarlıq subyektləri, biznes assosiasiyaları və ictimai təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov istehlakçı hüquqlarının müdafiəsində dövlət-özəl dialoqunun zəruriliyinə toxunub, istehlakçıya dəyən zərərin ödənilməsi hüququ, mübahisələrin effektiv həlli və məlumat almaq hüquqlarının təmin olunmasında sahibkarların mühüm rolundan bəhs edib. Sahibkar-istehlakçı münasibətlərinin bütün mərhələlərində ədalətlilik prinsiplərinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin “Call to Action” panelində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov, AQİSA idarə heyətinin sədri Emin Dostiyari, AmCham Azərbaycanın FMCG komitəsinin rəhbəri Elşad Fərzəliyev və Euromonitorun nümayəndəsi istehlakçıların maarifləndirilməsi, istehlakçı əsaslı biznes təcrübələri, tənzimləyici siyasətlər, qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi, istehlakçı hüquqlarının müdafiəsində medianın rolu mövzularını müzakirə edib.