Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

İyulun 11-də Azərbaycanda İqtisadiyyatın Rəqabət Qabiliyyətliliyinin Artırılması Üzrə İlk Milli Forum Keçirilib: Təkmilləşdirilən Qanunvericilik Aktları və İslahatlar Müzakirə Olundu

7/13/20242 min read

İyulun 11-də Azərbaycanda ilk Milli Rəqabət Forumu keçirilib. Tədbirdə, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari də iştirak edib.

Forumda rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatlar barədə məlumat verilib, rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətlər ətrafında müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə ölkədə ilk dəfə Milli Rəqabət Forumu təşkil olunub. Tədbirdə millət vəkilləri, məhkəmə orqanlarının nümayəndələri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri, Vəkillər Kollegiyasının üzvləri, ali təhsil müəssisələrinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.

Forumun məqsədi ölkədə rəqabət sahəsində təkmilləşdirilən qanunvericilik aktları və institusional islahatları, rəqabətədavamlı iqtisadiyyatın inkişafını, o cümlədən rəqabət problemlərinə dair effektiv tənzimləmə üsulları və hüquqi alətləri müzakirə etmək olub.

Tədbirin açılışında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, iqtisadiyyat nazirinin müavini Anar Axundov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və “Deloitte Azərbaycan”ın idarəedici partnyoru Nuran Kərimovun çıxışları dinlənilib.

Forum çərçivəsində ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyən olunub. Cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş Rəqabət Məcəlləsinin ölkəmizin sosial-iqtisadi inkişaf məqsədlərinin reallaşmasına xidmət edən islahatlar sırasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.