Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Qanunvericilik Dəyişiklikləri və Ekoloji Qablaşdırma: Birdəfəlik Plastiklərə Qadağa və Dövlət-Özəl Əməkdaşlığın Gələcək Addımları Müzakirə Edildi
7/19/20241 min read
18 iyul tarixində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının dəstəyi və üzvümüz olan beynəlxalq və yerli şirkətlərin iştirakıyla mövcud qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı müzakirə keçirilmişdir.
Görüş çərçivəsində birdəfəlik plastiklərin qadağası mövzusu geniş şəkildə müzakirə olunmuşdur. Görüşdə qəbul edilmiş qadağaların təsiri, ekoloji təmiz qablaşdırmaya keçid, sahibkarların üzləşdiyi mövcud vəziyyət və çətinliklər, plastik qapaqların təkrar emalı, plastik torbalar və torbaların ödənişli formada satışının nəticələri kimi məsələlər müzakirə edilmişdir. Bundan əlavə, növbəti atılmalı addımlar da nəzərdən keçirilmişdir.
Bu müzakirələrin nəticəsi olaraq, ekoloji təmiz qablaşdırma materiallarına keçid və təkrar emalın artırılması istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür. Dövlət-özəl dialoqunda əməkdaşlığın gücləndirilməsi, qanunvericiliyə baxış üçün komissiyanın yaradılması və mövcud problemlərin həlli üçün birgə fəaliyyət planlarının hazırlanması qərara alınmışdır.