Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
"Qarabağ KOB-ları" layihəsi üzrə tədbir keçirilib
12/15/20252 min read
“Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasına həsr olunmuş tədbir keçirilib. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin tərəfdaşlığı, “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyaları və iş adamları, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəhid ailələri və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən danışaraq, “Qarabağ KOB-ları” layihəsinin bu sahədə mühüm sosial-iqtisadi təşəbbüs olduğunu vurğulayıb. Milli Məclisin sədr müavini Musa Qasımlı isə layihənin işğaldan azad olunmuş bölgələrdə kiçik və orta biznesin inkişafına, eləcə də qazilərin və şəhid ailələrinin sosial rifahının yüksəldilməsinə töhfə verdiyini qeyd edib. O, layihənin davamlı dəstəklənməsinin və əldə olunan uğurlu nəticələrin gələcəkdə digər regionlarda da tətbiq edilməsinin vacibliyini vurğulayıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə layihənin yeni biznes subyektlərinin yaradılmasına və sosial rifahın yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.
Bildirilib ki, 2025-ci ildə layihə çərçivəsində 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub, ümumilikdə isə 2023-cü ildən bu günədək layihə iştirakçılarının sayı 220-ni ötüb.
Tədbir çərçivəsində layihə iştirakçılarının təəssüratları dinlənilib, həmçinin şəhid övladlarının rəsm əsərlərindən ibarət xeyriyyə auksionu keçirilib.
