Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Reklam Bazarında Yeniliklər və Çağırışlar: KOBİA, ADRA və Sahibkarlar Təşkilatlarının Dəstəyi ilə İctimai Müzakirə Keçirildi
7/23/20242 min read
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Reklam bazarında yeniliklər və çağırışlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də #biznes assosiasiyaların, AQİSA İdarə Heyətinin sədri və KOBİA yanında ictimai şuranın üzvü Emin Dostiyari və #reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.
ADRA-nın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov qeyd edib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir. Monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması məsələsi də aktualdır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, əvvəlki illərdə reklam qanunvericiliyi barədə məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların narazılığına səbəb olurdu. Lakin son dövrlər aparılan müşahidələrə əsasən sahibkarlar artıq daha məlumatlıdır. Bu səbəbdən qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. KOBİA sədri reklam yerləşdirilməsi ilə bağlı #KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin bu sahədə fəaliyyət göstərən və ya biznesə yeni başlayanlara stimul verə biləcəyini də qeyd edib.
Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən #sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib. Görüş çərçivəsində, buzlu vinil üçün reklam ödəmələrinin hesablanması və ADRA əməkdaşlarının sahibkarlara qarşı daha nəzakətli olması AQİSA idarə heyətinin sədri tərəfindən qeyd olunub. Tədbirin sonunda qərarlaşdırıldı ki, AQİSA və ADRA rəhbərliyi arasında görüş baş tutsun.