Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Sahibkarlara “Dayaq” mükafatı təqdim olunub
12/18/20252 min read
Sahibkarlara “Dayaq” mükafatı təqdim olunub
2025-ci ildə innovativ və ixracyönümlü fəaliyyət göstərən, məşğulluğun artırılmasına töhfə verən on yeddi sahibkara “Dayaq” mükafatı təqdim edilmişdir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan tədbirdə üç yüzdən çox sahibkar, startap və biznes assosiasiyalarının nümayəndələri, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyətinin sədri, millət vəkilləri və dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev çıxışında qeyd etmişdir ki, sahibkarlığın inkişafı yeni iş yerlərinin yaradılmasına və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfə verir.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə ölkədə biznes mühitinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında kiçik və orta biznes subyektlərinin dayanıqlı iqtisadi inkişafda rolunu vurğulamış, dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətini qeyd etmişlər.
Tədbir çərçivəsində sahibkarlar öz uğur hekayələrini bölüşmüş, startaplar innovativ layihələrini təqdim etmişlər. Həmçinin VII qrant müsabiqəsinin qalibləri elan olunmuşdur.
“Dayaq” mükafatı sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində əldə etdikləri nailiyyətləri geniş ictimaiyyətə təqdim edir və biznes subyektlərinin yeni təşəbbüslərə yönəlməsini təşviq edir.
