Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Süd və ət istehsalı sahəsində mövcud problemlərə dair ictimai müzakirə keçirilib

12/17/20252 min read

Süd və ət istehsalı sahəsində mövcud problemlərə dair ictimai müzakirə keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilmişdir.

Bakı KOB evində təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti dövlət qurumlarının, eləcə də biznes assosiasiyalarının nümayəndələri və müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak etmişdir.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari çıxışında tədbirin məqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətin müzakirəsi, sahibkarların fikir və təkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlı məsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunu bildirmişdir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd etmişdir ki, dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq olunur. Bu çərçivədə damazlıq heyvanların alınmasına güzəştlər təqdim edilir, aşağı faizli kreditlər ayrılır, peyvəndləmə tədbirləri dövlət büdcəsi hesabına həyata keçirilir, həmçinin işğaldan azad olunmuş ərazilərdə sektorun təşkili və inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə süd və ət istehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulamış, sahədə sistemli yanaşmanın vacibliyini qeyd etmişdir. O, yem bazası, baytarlıq nəzarəti, istehsal və tədarük zənciri, standartlara uyğunluq və maarifləndirmə kimi amillərin bir-biri ilə sıx bağlı olduğunu bildirmiş, mikro və kiçik sahibkarlıq subyektlərinin dayanıqlılığının regionların sosial-iqtisadi inkişafı və məşğulluq baxımından mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Tədbirin sonunda heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasəti və prioritet istiqamətlərə dair təqdimat keçirilmiş, sahibkarların təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.