Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə “Tərəfdaşlıqla formalaşan gələcək” adlı tədbir keçirilib.

12/24/20242 min read

Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə “Tərəfdaşlıqla formalaşan gələcək” adlı tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektorun nümayəndələri və AQİSA İdarə Heyətinin Sədri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsilin iqtisadiyyata inteqrasiyasının, dövlət-özəl tərəfdaşlığının, təhsil sahəsində innovativ layihələr və proqramların hazırlanmasının Fondun əsas məqsədlərindən olduğunu bildirib.

Təhsilin İnkişafı Fondunun təhsilin bütün pillələrində təhsilalanlara və təhsilverənlərə yönəlik müxtəlif layihələr həyata keçirdiyini, infrastruktur layihələri icra etdiyini, habelə təhsil sahəsində dövlət-özəl tərəfdaşlığını təşviq etdiyini vurğulayan Elnur Nəsibov, Fondun əsas tərəfdaşlarının dövlət və özəl ali təhsil müəssisələri, sənaye qurumları, banklar və maliyyə sistemləri şirkətləri, yerli və beynəlxalq özəl sektor qurumları olduğunu qeyd edib, bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Elnur Nəsibov həmçinin Fondun 2024-cü il ərzində ictimaiyyət tərəfindən böyük marağa səbəb olan “TələbəPlus” layihəsi barəsində geniş təqdimatla çıxış edib.

Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə təmsil etdiyi qurumun sosial məsuliyyət çərçivəsində Elm və Təhsil Nazirliyi ilə bir çox layihələr həyata keçirdiyini, ölkəmizin gələcəyində əhəmiyyətli rola malik olan tələbələrə töhfə verməkdən qürur duyduğunu səsləndirib. Fərid Hidayətzadə “TələbəPlus” kartının tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcəyini, tələbəlik dövründən maliyyə əlçatanlığını təmin edəcəyini, eləcə də gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacağını vurğulayıb.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestrinin təqdimatında bədii hissə ilə yekunlaşıb.