Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhərlərin qurulmasındakı rolu müzakirə olunub

5/21/20262 min read

21 may 2026-cı il tarixində Bakı şəhərində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisində yerləşən Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsi keçirilib.

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQISA) İdarə Heyətinin sədri Emin Dostiyarinin də moderatorluq etdiyi paneldə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar və şəhərsalma üzrə mütəxəssislər KOB-ların dayanıqlı şəhər inkişafında rolu, inklüziv biznes mühitinin formalaşdırılması və yaşıl transformasiya mövzuları ətrafında müzakirələr aparıblar.

KOB-ların innovasiya, rəqəmsallaşma və yaşıl texnologiyalar vasitəsilə şəhərlərin dayanıqlı inkişafına verdiyi töhfələr də vurğulanıb.

Paneldə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Oracle Association for Leaders” təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə, sənayenin davamlılığı və dairəvi iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov, Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının Şəhər üzrə Baş Proqram rəhbəri Loredana Skuto, “Rotas Consulting” şirkətinin idarəedici partnyoru Emil Məcidov və “Synergy Consulting Infrastructure & Financial Advisory” şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov iştirak ediblər.

Panel çərçivəsində KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, institusional dəstək, beynəlxalq əməkdaşlıq və innovativ həllərin tətbiqi kimi istiqamətlərin əhəmiyyəti xüsusi vurğulanıb.

AQISA qida və içki sənayesində innovasiya, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.