Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
“Yaşıl İqtisadiyyata Keçiddə Ekoloji, Sosial və Korporativ İdarəetmə (ESG) Prinsiplərinin Əhəmiyyəti” Mövzusunda Konfrans Keçirildi
6/3/20242 min read
31 May tarixində “Bakı KOB evi”ndə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndəsi də iştirak edib.
Tədbirdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun tərkibində fəaliyyət göstərən ESG üzrə altqrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, ekspertlər, sahibkarlar, ali təhsil müəssisələri və ictimai birliklər iştirak ediblər.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Vüqar Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini Anar Əliyev ESG-nin biznes subyektləri də daxil olmaqla, ümumilikdə əhali üçün faydası, bu prinsiplərin tətbiqi sahəsində görülən işlər, ESG-nin əsas elementlərindən olan ekologiya və sosial sahələrdə görülən tədbirlər və özəl sektorla əməkdaşlıq barədə fikirlərini bölüşüblər.
KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini, ESG standartları üzrə altqrupun rəhbəri Natiq Həsənov altqrupun fəaliyyətinə və görülmüş işlərə dair məlumat verib.
Tədbir çərçivəsində ESG üzrə ekspertlər tərəfindən “yaşıl iqtisadiyyat” ilə ESG prinsipləri arasında əlaqə, uğurlu “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində özəl sektorun gözləntiləri və təşəbbüskarlığı, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələləri, dövlət şirkətlərində ESG təşəbbüslərinə dair təqdimatlar keçirilib və fikir mübadiləsi aparılıb.