Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Almaniya-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) ofisində Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü keçirildi.

9/28/20242 min read

2024-cü il sentyabrın 19-da Almaniya-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) ofisində Maliyyə Xidmətləri və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qruplarının birgə görüşü keçirildi. Görüşün əsas mövzusu “Qiymətli kağızlar vasitəsilə maliyyə cəlbi” oldu. Tədbirdə AQİSA İdarə Heyətinin sədridə iştirak edib.

Tədbiri Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun vitse-sədri cənab İlqar Əliyev açaraq iştirakçıları salamladı, görüşün gedişatı və mövzu barədə məlumat verib. Görüşdə qonaq məruzəçi qismində Bakı Fond Birjasının (BFB) Listinq şöbəsinin rəhbəri Anjela Ramazanova çıxış edib. O, əvvəlcə iştirakçıları salamladı, daha sonra Bakı Fond Birjasının tarixi, strukturu və fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Xanım Ramazanova həmçinin BFB-nin yaxın zamanda həyata keçirdiyi rebrendinq prosesi və yeni strateji planı barədə danışıb.

Tədbirin davamında xanım Ramazanova borc bazarının vəziyyəti, korporativ və dövlət istiqrazları, yerli səhmlər bazarının inkişafı və səhmlərlə istiqrazların fərqləri barədə ətraflı məlumat verib. O, xüsusilə istiqrazların üstünlüklərini vurğuladı.

Bakı Fond Birjasında maliyyələşmə imkanlarının üstünlüklərindən danışan xanım Ramazanova, həmçinin BFB-də səhmlərin listinqinin emitentlər və investorlar üçün faydalarından bəhs edib. Emitentlər üçün listinqin maliyyə çıxışı, borc yükündən azadlıq və ictimai profilin yüksəldilməsi kimi üstünlüklər təmin etdiyini bildirdi. Investorlar üçün isə mənfəət gəlirliyi, yüksək dividend gəlirliyi və sərfəli mülkiyyət imkanlarının olduğunu qeyd edib.

Sonda görüş məhsuldar fikir mübadiləsi və xanım Ramazanovanın, öz növbəsində, iştirakçıların bütün suallarını ətraflı cavablandırması ilə yekunlaşdı.