Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov və nazirliyin digər yüksək vəzifəli şəxsləri ilə Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyəti və nümayəndələri arasıda görüş keçirilib
8/5/20242 min read
Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədov və nazirliyin digər yüksək vəzifəli şəxsləri ilə Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyəti və nümayəndələri arasıda görüş keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxslərinin və ölkənin aparıcı qida və içki istehsalı şirkətlərinin rəhbərlərinin iştirak etdiyi bu görüşdə qida və içki sənayesinin inkişafına dəstək mexanizmləri, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və digər məsələlər müzakirə olunub.
Kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov bildirib ki, qida və içki sənayesində çalışan şirkət və sahibkarların vahid assosiasiyada birləşməsi bu sahənin inkişafına müsbət təsir göstərən amillərdəndir. Qida istehsalının ölkənin ərzaq təhlükəsizliyinin tərkib hissəsi olduğunu xatırladan nazir, ölkəmizdə bu sahədə yürüdülən dövlət siyasəti, dəstək mexanizmləri, ixracın təşviqi, sahibkarlara güzəştlər və başqa məsələlərlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində Assosiasiyanın rəsmi dəstəkçisi olduğu və 2024-cü ildə iştirakını xatırladan cənab nazir, AQİSA-da təmsil olunan şirkətlərin yerli və beynəlxalq sərgilərdə davamlı iştirakının vacibliyini vurğulayıb.
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin cənab sədir Emin Dostiyari rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, Assosiasiyanın əsas məqsədi qida və içki sənayesində fəaliyyət göstərən sahibkarların maraqlarını qorumaq və bu sektorun inkişafına nail olmaqdır. Assosiasiyada ölkəmizdə fəaliyyət göstərən qida və içki istehsalı üzrə ixtisaslaşmış sənayeçilərin, pərakəndə satış, idxal və ixracla məşğul olan sahibkarların birləşdiyini deyən cənab sədir, əsas missiyalarının ölkənin iqtisadi inkişafına fəal töhfə vermək, sektor əməkdaşlığını və innovasiyaları təşviq etmək olduğunu bildirib.
Görüşdə quru meyvə və emal olunmuş zəfəran məhsullarının xarici bazarlara çıxışının dəstəklənməsi, emal olunmuş ət məhsullarının Rusiya bazarına çıxışının genişləndirilməsi, süd emalı müəssisələrində xammal çatışmazlığı, idxaldan asılılığın azaldılması, ixracla bağlı gömrük prosedurlarının sadələşdirilməsi, qida və içki istehsalında müasir texnologiya və innovasiyaların tətbiqinin genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi və icrası üçün müvafiq tapşırıqlar verilib.